“Tanınmış şəxsiyyətlər” layihəsi çərçivəsində tədbirlər keçirilib

“Tanınmış şəxsiyyətlər” layihəsi çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi, Xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilib.

Tədbirlərin məqsədi şagirdlərə milli təsviri sənətimizin inkişafında mühüm rol oynamış sənətkarın həyat və yaradıcılığı barədə ətraflı məlumat vermək, onlarda incəsənətə maraq və estetik zövq formalaşdırmaq olub.

Keçirilən tədbirlərdə Səttar Bəhlulzadənin zəngin yaradıcılıq irsi, xüsusilə Azərbaycan təbiətini özünəməxsus üslubda əks etdirən əsərləri haqqında təqdimatlar edilib. Şagirdlər tərəfindən rəssamın əsərlərindən ibarət sərgilər təşkil olunub, onun yaradıcılığına həsr edilmiş çıxışlar səsləndirilib, müxtəlif kompozisiyalar nümayiş etdirilib.

Eyni zamanda, tədbirlər çərçivəsində şagirdlər arasında rəsm müsabiqələri keçirilib, onların yaradıcı bacarıqlarının üzə çıxarılmasına şərait yaradılıb. Müəllimlər tərəfindən sənətkarın milli rəssamlıq məktəbinə verdiyi töhfələr vurğulanıb və onun əsərlərinin gənc nəslin estetik tərbiyəsində əhəmiyyəti qeyd olunub.

Bu cür tədbirlər şagirdlərin milli-mədəni irsə bağlılığının gücləndirilməsinə, incəsənətə marağının artırılmasına və yaradıcı düşüncələrinin inkişafına mühüm töhfə verir.