Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 May – Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir.

Tədbirlərin əsas məqsədi şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, dövlətçilik ənənələrinə hörmət hissinin aşılanması və müstəqillik ideyalarının gənc nəslə çatdırılması olmuşdur.

Tədbirlər çərçivəsində məktəblərdə dəyirmi masalar, açıq dərslər, videoçarx nümayişləri, təqdimatlar, rəsm sərgiləri və ədəbi-bədii kompozisiyalar təşkil edilmişdir. Dəyirmi masalarda müəllim və şagirdlər tərəfindən müstəqilliyin xalqımız üçün əhəmiyyəti, milli birlik və dövlətçilik dəyərləri barədə fikir mübadiləsi aparılmışdır.

Videoçarx nümayişləri zamanı şagirdlər Azərbaycanın müstəqillik yolu, dövlət rəmzləri və milli irsi ilə bağlı maarifləndirici materiallarla tanış olmuşlar. Rəsm sərgilərində isə şagirdlərin dövlət bayrağı, Vətən sevgisi, milli birlik və müasir Azərbaycan mövzularında hazırladıqları yaradıcı əl işləri nümayiş etdirilmişdir.

Bununla yanaşı, məktəblilərin iştirakı ilə şeirlər səsləndirilmiş, vətənpərvərlik ruhunda musiqilər ifa olunmuş, müxtəlif ədəbi-bədii çıxışlar təqdim edilmişdir. Şagirdlərin fəal iştirakı ilə keçirilən tədbirlər böyük maraqla qarşılanmış və iştirakçılarda xoş təəssürat yaratmışdır.

Keçirilən tədbirlər gənc nəslin milli ruhda formalaşdırılması, dövlətçilik ənənələrinin qorunması və müstəqillik dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət kəsb etmişdir.