Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbi və Quba rayonu Fərhad Həmzəyev adına Digah kənd tam orta ümumtəhsil məktəbinin peşə təmayüllü sinif şagirdlərinin iştirakı ilə birgə dərs keçirilib.

“Help Desk” ixtisası üzrə təşkil olunmuş dərsdə hər iki məktəbin şagirdləri bilik və bacarıqlarını bölüşərək əməkdaşlıq mühiti yaradıblar. Tədris prosesi zamanı şagirdlər müasir texnologiyalarla tanış olmuş, innovativ yanaşmalar barədə məlumat əldə etmişlər.

Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin innovativ STEAM, Samsung və rəqəmsal otaqları ilə tanışlıq şagirdlərə gələcək peşə fəaliyyətləri üçün əhəmiyyətli təcrübə qazandırıb.

Səfər çərçivəsində Digah kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri tərəfindən yetişdirilən çiyələk tingləri Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin aqronom köməkçilərinə hədiyyə edilib. Aşpaz köməkçiləri isə hazırladıqları süfrə ilə tədbirə xüsusi rəng qatıb.

Tədbirin sonunda təşkil olunmuş satış yarmarkasında Digah kənd tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri fəal iştirak edərək öz məhsullarını təqdim ediblər.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ