Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tərkibində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan evdə fərdi təhsilə cəlb olunmuş şagirdlərlə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onlayn formatda görüş təşkil olundu.
Tədbirin məqsədi xüsusi təhsil ehtiyacları olan və fərdi təhsil alan şagirdlərin bacarıqlarını üzə çıxarmaq, onların sosiallaşmasını təşviq etmək və bu kateqoriyadan olan uşaqlara göstərilən diqqət və qayğını bir daha nümayiş etdirmək idi.
Görüş zamanı şagirdlərin hazırladıqları rəsm və əl işləri nümayiş olundu, onların fotolarından ibarət Canva platforması vasitəsilə hazırlanmış fotoalbom təqdim edildi. Uşaqlar öz hazırladıqları şeirləri səsləndirdilər, uşaq mahnıları dinlənildi və qarşılıqlı xoş təəssüratlar bölüşüldü.
Tədbir zamanı vurğulandı ki, hər bir uşaq – fərqli təhsil formasında olsa belə – bərabər imkanlara malik olmalı, cəmiyyətə tamhüquqlu bir fərd kimi inteqrasiya etməlidir. Bu kimi tədbirlər onların yaradıcılıq potensialını üzə çıxarmağa, özünəinam hissini gücləndirməyə xidmət edir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan bu təşəbbüs bir daha göstərdi ki, “Hər uşaq dəyərlidir!”





Yeni Şərh