Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anma günüdür. Bu münasibətlə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində silsilə tədbirlər təşkil edilmişdir.

Tədbirlər çərçivəsində məktəblərdə dəyirmi masalar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, videoçarx nümayişləri və təqdimatlar keçirilmişdir. Şagirdlər Zərifə xanım Əliyevanın zəngin elmi fəaliyyəti, tibb sahəsində qazandığı nailiyyətlər, eləcə də Azərbaycan qadınına xas yüksək mənəvi dəyərləri əks etdirən həyat yolu haqqında çıxışlar etmiş, şeirlər səsləndirmişlər.

Eyni zamanda, müəllimlər tərəfindən təşkil olunan müzakirələrdə Zərifə xanımın Azərbaycan səhiyyəsinin inkişafındakı rolu, oftalmologiya sahəsinə verdiyi töhfələr və gənc nəslin formalaşmasında onun örnək şəxsiyyət kimi əhəmiyyəti xüsusi vurğulanmışdır.

Keçirilən tədbirlərin əsas məqsədi şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinin təbliği, həmçinin onların gələcək nəsillər üçün nümunə kimi təqdim olunması olmuşdur. Zərifə xanım Əliyevanın nurlu xatirəsi dərin ehtiramla yad edilmişdir.