Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli siyasi fəaliyyətini daha yaxından tanıtmaq, gənc nəsildə vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə bağlılıq hisslərini gücləndirmək olmuşdur. Bu məqsədlə regionun ümumtəhsil müəssisələrində müxtəlif formatlı maarifləndirici, yaradıcı və intellektual tədbirlər təşkil edilmişdir.
Məktəblərdə keçirilən tədbirlər çərçivəsində şagirdlərin iştirakı ilə şeir müsabiqələri, rəsm və inşa yazı müsabiqələri, idman yarışları, intellektual oyunlar, videoçarx nümayişləri, təqdimatlar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, dəyirmi masalar və sərgilər təşkil olunmuşdur. Şagirdlər tərəfindən Ulu Öndərin həyat və fəaliyyətinə, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi mühüm xidmətlərə həsr olunmuş çıxışlar səsləndirilmiş, müxtəlif təqdimatlar nümayiş etdirilmişdir.
Rəsm və inşa müsabiqələrində iştirak edən şagirdlər Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərini öz yaradıcılıq işlərində əks etdirmiş, hazırlanan əl işləri və rəsm əsərləri məktəblərdə təşkil olunan sərgilərdə nümayiş etdirilmişdir. Şeir müsabiqələrində isə şagirdlər vətənpərvərlik ruhunda yazılmış nümunələrlə çıxış edərək tədbirlərə xüsusi rəng qatmışlar.
İdman yarışları və intellektual oyunlar şagirdlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasına, komanda ruhunun gücləndirilməsinə və onların bilik və bacarıqlarının inkişafına töhfə vermişdir. Eyni zamanda keçirilən dəyirmi masa və müzakirələrdə müəllimlər, məktəb rəhbərləri və şagirdlər tərəfindən Ulu Öndərin təhsil siyasəti, gənclərə göstərdiyi diqqət və qayğı, müasir Azərbaycanın inkişafındakı rolu barədə geniş fikir mübadiləsi aparılmışdır.
Tədbirlərin sonunda müxtəlif müsabiqə və yarışlarda fəal iştirak edən və fərqlənən şagirdlər diplom və fəxri fərmanlarla təltif olunmuşdur. Keçirilən tədbirlər iştirakçılar tərəfindən böyük maraq və yüksək əhval-ruhiyyə ilə qarşılanmış, məktəblilərin milli dəyərlərə bağlılığının və vətənpərvərlik hisslərinin daha da möhkəmlənməsinə müsbət təsir göstərmişdir.
Yeni Şərh