23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində silsilə tədbirlər təşkil olunmuşdur.

Tədbirlərin əsas məqsədi şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması, kitaba marağın artırılması və müəlliflik hüquqlarına hörmət hissinin aşılanması olmuşdur. Bu çərçivədə məktəblərdə kitab sərgiləri, mütaliə saatları, ədəbi-bədii kompozisiyalar, açıq dərslər, eləcə də şagirdlərin iştirakı ilə müxtəlif təqdimatlar və müzakirələr keçirilmişdir.

Həmçinin tədbirlər zamanı görkəmli yazıçı və şairlərin həyat və yaradıcılığına nəzər salınmış, kitabın insan həyatındakı rolu barədə maarifləndirici çıxışlar dinlənilmişdir. Şagirdlər tərəfindən sevilən əsərlərdən parçalar səsləndirilmiş, müəllif hüquqlarının qorunmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır.

Keçirilən tədbirlər şagirdlərin intellektual inkişafına, onların dünyagörüşünün genişlənməsinə və kitaba olan marağın daha da güclənməsinə mühüm töhfə vermişdir.