Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində maarifləndirici tədbirlər təşkil edilib.

Tədbirlərin əsas məqsədi şagirdləri fövqəladə hallar zamanı davranış qaydaları barədə məlumatlandırmaq, təbii fəlakətlər, yanğın və qəza hallarında düzgün təxliyə olunma bacarıqlarını öyrətməkdir.

Tədbirlər zamanı şagirdlərə mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilib, yanğının söndürülməsi, yaralılara tibbi yardım göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması və kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər izah edilib. Həmçinin, radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrin istifadə qaydaları haqqında məlumat verilib.

Fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın və partlayış təhlükələrindən qorunma, dəm qazından zəhərlənmənin profilaktikası və “112” zəng xidmətindən istifadə mövzuları haqqında da geniş məlumat verilib. Tədbir çərçivəsində video roliklər nümayiş etdirilib.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ