Ümumi təhsil müəssisələrində tədbirlər keçirildi

Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumitəhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir.

Tədbirlər dahi bəstəkarın zəngin irsinin təbliği və onun Azərbaycan musiqi mədəniyyətindəki əvəzsiz rolunun şagirdlərə aşılanması məqsədi daşıyıb.

Tədbirlər çərçivəsində məktəblərdə dəyirmi masalar təşkil olunmuş, Üzeyir Hacıbəylinin həyatı, yaradıcılığı və milli musiqimizin inkişafındakı xidmətləri ətrafında müzakirələr aparılmışdır. Şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirmələri üçün breyn-rinqlər keçirilmiş, mövzuya dair suallar vasitəsilə onların fəallığı artırılmışdır.

Eyni zamanda məktəblərdə sərgilər təşkil olunmuş, bəstəkarın həyat və yaradıcılığını əks etdirən kitablar, fotolar, rəsm və əl işləri nümayiş etdirilmişdir. Sərgilər şagirdlərin yaradıcılıq potensialının üzə çıxarılmasına və milli mədəni irsimizə marağın gücləndirilməsinə xidmət etmişdir.

Keçirilən tədbirlərin əsas mahiyyəti Üzeyir Hacıbəylinin irsini gənc nəslə sevdirmək, milli musiqi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini vurğulamaq, şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik hisslərini daha da möhkəmləndirməkdən ibarət olmuşdur.

#EduAz #QubaXaçmazRTİ #MÜTDA