23 aprel 2026-cı il tarixində Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları Rövşən Ağayev və Hilal Salmanov, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Könül Səmədova, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Leyla Cəlalova, Mərkəzin fəal üzvü Möhübbət Məmmədov, Quba Rayon Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, Ümumi tarix və tarixin tədrisi texnologiyaları kafedrasının müdiri, dosent Dəyanət Musayev, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, Quba rayonu təhsil sektorunun müdiri Pərviz Nurməmmədov, eləcə də müəllimlər və məktəb-liseyin şagirdləri iştirak etmişlər.
Tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Dərələyəz mahalının Keşkənd kənd icmasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxış etmişdir.
Professor Mahirə Hüseynova çıxışında ilk növbədə xalqımızın doğma yurd yerlərinə bağlılığından və tarix boyu məruz qaldığı köçürülmə, deportasiya və etnik təzyiq siyasətlərinin yaratdığı ağır nəticələrdən bəhs etmişdir. O, Qərbi Azərbaycanın hər bir coğrafi adının və tarixi izinin xalqımızın qədim keçmişini yaşadan mühüm bir yaddaş nümunəsi olduğunu vurğulamışdır.
Həmçinin öz elmi araşdırmaları və tarixi faktlara əsaslanan əsərləri barədə məlumat verərək, bu nəşrlərin gənc tədqiqatçılar üçün mühüm istiqamətverici mənbə rolunu oynadığını qeyd etmişdir. O, bu əsərlərin tarixi həqiqətlərin üzə çıxarılması və yanlış məlumatların elmi əsaslarla təkzib edilməsində xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.
Digər rəsmi çıxış edənlər də Qərbi Azərbaycan mövzusunun gənclərdə milli-mənəvi dəyərlərin formalaşdırılması baxımından əhəmiyyətini vurğulamış, tarixi faktlara əsaslanaraq bu istiqamətdə maarifləndirmənin davam etdirilməsinin vacibliyini bildirmişlər.
Açıq dərsdə Qərbi Azərbaycanın tarixi, mədəni irsi və xalqımızın bu torpaqlarla bağlı yaddaşı barədə geniş məlumat verilmiş, gənc nəslin milli şüurunun gücləndirilməsi məqsədi daşıyan maarifləndirici fikir mübadiləsi aparılmışdır.
Yeni Şərh